Ermənistan niyə Naxçıvanı hədəf alır? – Türkiyəli polkovnik gizli planı İFŞA ETDİ
“10 noyabr 2020-ci il tarixli atəşkəs bəyannaməsi əslində iki mühüm reallığı əks etdirdi. Birincisi, Azərbaycanın Qarabağdakı zəfərinin hüquqi strukturunu yaratdı. İkincisi, Ermənistanın ədalətsiz işğalına son qoymaqla Qarabağın Azərbaycan ərazisi olduğunu sübuta yetirdi”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında ehtiyatda olan Jandarma Qərargah polkovniki, hərbi ekspert Abdullah Cüneyt Küsmez deyib.
Ermənistanın Naxçıvan istiqamətində atəşkəsi niyə tez-tez pozur?
Polkovnik Ermənistanın hansı manevrlərdən istifadə etməsindən asılı olmayaraq, reallıqların dəyişməyəcəyini bildirib:
“Müharibədən sonra sülh danışıqlarına başlamaq lazımdır. Bununla bağlı müəyyən məqam və mühüm irəliləyiş əldə olunub. Lakin Ermənistan daim atəşkəsi pozmaqla təxribatlarını davam etdirdi. Xüsusilə də Ermənistanın Qarabağ istiqamətində deyil, Naxçıvan istiqamətində atəşkəsi pozmaqda başqa məqsədi var. İrəvan münaqişəni Naxçıvana qədər uzatmaq niyyətindədir. Təxribatların Naxçıvan istqamətinə ötürülməsi Ermənistanın burada yeni problemli vəziyyət yaratmaq niyyətində olduğunu göstərir”, – deyə A.C.Küsmez deyib.
“Hədəf Zəngəzur dəhlizidir”
Polkovnik bildirib ki, Naxçıvan istiqamətində atəşkəsin pozulmasına səbəb Zəngəzur dəhlizinin açılmasına əngəl olmaqdır:
“Təbii ki, bunun altında yatan əsas faktor Zəngəzur dəhlizinin açılmasına mane olmaq, Türkiyənin bu dəhliz vasitəsilə Azərbaycanla fiziki əlaqəsini kəsmək və hər şeydən əvvəl problemin əslində Azərbaycanın problemi olduğunu göstərməkdir. İrəvan Avropa İttifaqını bu problemin həlli üçün ayağa qaldırmaq niyyətindədir. Təbii ki, burada əslində ikitərəfli vəziyyət var. Ermənistan ABŞ-ı arxa planda saxlamaqla Aİ-nin diplomatik vasitəçi kimi rolunu da gücləndirməyə çalışır. Məhz bu səbəblərdən Ermənistan sülhə aparan prosesi əngəlləyir, atəşkəs rejiminin şərtlərinə əməl etmir”.
Ermənistan niyə silahlanır?
Müsahibimizin fikrincə, hansı silahları almasından asılı olmayaraq Azərbaycana qarşı müharibə Ermənistanın sonu ola bilər:
“Ermənistan Qarabağ müharubəsindən sonra rus mənşəli köhnə silah sistemlərinin heç bir faydası olmadığını, ordusunun komanda strukturunun effektiv olmadığını və buna görə də orta və ya uzunmüddətli perspektivdə Azərbaycanla silahlı mübarizə apara bilməyəcəyini gördü.
Buna görə də İrəvan bu sistemləri və güc strukturlarını yenidən nəzərdən keçirməyə ehtiyac duydu. İqtisadi sıxıntı içərisində olan Ermənistanın milli gəlirinin bu qədər hissəsini silah sistemlərinə ayırması Ermənistanın daxili siyasətində getdikcə başqa problemlər yaradacaq.
Ermənistanda yeni müharibəyə hazırlıq gedir?
Ermənistan əldə etdiyi və ya almağa çalışdığı yeni silah sistemləri ilə birgə belə müharibə riskinə girəcək vəziyyətdə deyil. Çünki müharibənin həlledici nəticəsi döyüş meydanında bəlli olur. Ona görə də Ermənistanın uzaqmənzilli silahlarla hər hansı qəti nəticə əldə etməsi doktrinal baxımdan mümkün deyil”, – deyə polkovnik bildirib.