İlham Əliyevdən TƏKLİF: Nəzarət-buraxılış məntəqələri Ermənistan-Azərbaycan sərhədində yaradılmalıdır
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinken və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdə Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklif edib. Bu təklifə görə, ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələri Ermənistan-Azərbaycan sərhədində yaradılmalıdır.
YeniZamantv.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Azərbaycan Prezidentinin sözlərinə görə, əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə İrəvana göndərilib, Münhendə isə rəsmən təqdim olunub:
“Nikol Paşinyan Münhendə İlham Əliyevin bu təklifinə münasibət bildirməyib. Paşinyan təklifi qəbul etməsə belə Laçın yolunun qurtacağında sərhəd və gömrük xidmətinin yaradılmasına bizə heç nə mane olmamalıdır. Laçın yolunun hərbçilərimiz tərəfindən nəzarətə götürülməsini gec və ya tez həll etməliyik. Yolun sonunda sərhəd və gömrük xidməti fəaliyyətə başlamalıdır. Başqa alternativimiz yoxdur. Əlbəttə, Nikol Paşinyan həmişəki kimi bu halda 2020-ci il 10 noyabr bəyanatına istinad etməyə çalışacaq və deyəcək ki, “yol açıq olmalıdır”. Ancaq sərhəd və gömrük xidmətinin fəaliyyətə başlaması 2020-ci il 10 noyabr bəyanatına zidd deyil. Yol bağlanmayacaq, nəzarətə götürüləcək, bu Azərbaycanın təbii haqqıdır. Nikol Paşinyan Qərbi Zəngəzur istiqamətində Ermənistanın sərhəd və gömrük postları təsis edib. Paşinyan Azərbaycan vətəndaşlarının dəhlizdən istifadə edərkən sənədlərinin yoxlanacağını bildirirsə, biz də eyni hüquqdan istifadə edərək Laçın yolu üzərindən Azərbaycan ərazisinə daxil olan və Qarabağdan Ermənistana keçmək istəyənlərin sənədlərini yoxlamalıyıq. Bununla Qarabağa silah və sursat keçidi imkanlarının, o cümlədən üçüncü ölkə vətəndaşlarının Azərbaycan vizası almadan ərazimizə daxil olmasının qarşısı alınacaq”.